Mən səni həyatda daşa dəyişdim,
Torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
Çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
Duydum buza dönən nəfəsini də.
Anamı əlimdən alan təbiət,
Gözü götürmədi, aldı səni də.
Mən bir xəcalətdən çıxa bilmədim,
BU gizli dərdimi açıq desem də.
Sənə - sənə laiq baxa bilmədim,
Səni - sənə laiq dəfn elesem də.
Yerə söykədilər mərmər üzünü,
Yalvardım dayanın, əl saxladılar.
Mən özüm örtərdim evdə üstünü,
Burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın üzü,
Getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki, gözəl görünsün,
Evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbrinin üstünə,
Gül-çiçək qoymuşuq ikilikdə biz.
- Mən sənsiz ölərəm! -
Demişdim sənə,-
Hamısı yalanmış, yaşadım sənsiz.
Sənə sədaqətdi bütün həyatım!-
Deyərdim, baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
Sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,
Üstünə nur səpir qızıl dan yeri.
Torpaq ot bitirər, ağac bitirər,
Burda daş bitirir, qəbristan yeri.
Bir gözəllik itib duman içində,
Dünya imtahanmış işləri ovsun.
İlahi, bu qədər insan içində,
Bir insan tapmıram söz demək olsun.
Fikirli qalxıram üzüyuxarı,
Nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
İtirmək istəyir qəbrini torpag.
Mənsiz darıxırdın evdə hər dəfə,
Dözümsüz olmuşdu gecə- gündüzün!
Gedəndə deyirdin tez qayıt evə,
Bəs niyə qayıdıb gəlmirsən özün?!
Bunamı deyirdin: gələcək illər?
Günləri sayırdın nə həsrət ilə.
Bunamı deyirdin: dözək birtəhər,
Gözəl günlərimiz sonradı hələ.
Səni də apardı axan ulduzlar,
Dünyanın bir yaxın kimsəsi yoxmuş.
Axırı haraymış? Bu soyuq məzar!-
Məzarın təzəsi köhnəsi yoxmuş.
Gözüm yolda qalıb, qulağım səsdə,
Gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında mən yerin üstə,-
Biz ayrı düşmüşük kök-budaq kimi.